Dünyanın ən mühüm diplomatik platformalarından biri olan Münhen Təhlükəsizlik Konfransı (MSC 2026) çərçivəsində rəsmi Pekindən Vaşinqtona ciddi xəbərdarlıq gəlib. ABŞ və Çin arasında iqtisadi və hərbi rəqabətin kəskinləşdiyi bir dövrdə Çin xarici işlər naziri Van İnin açıqlamaları iki supergüc arasındakı münasibətlərin nə dərəcədə həssas olduğunu bir daha nümayiş etdirir. Bu bəyanat həm də ABŞ-in Tayvana rekord həcmdə silah satışı qərarından sonraya təsadüf edir.
24media.az APA-ya istinadən xəbər verir ki, Van İ Münhen Təhlükəsizlik Konfransı zamanı Tayvan məsələsini Çinin "qırmızı xətti" adlandırıb. O vurğulayıb ki, Tayvanı Çindən ayırmaq istiqamətində istənilən cəhd regionda sabitliyi pozmaqla yanaşı, ABŞ və Çin arasında birbaşa hərbi münaqişə riskini kəskin artırır. Nazirin sözlərinə görə, bu xəttin keçilməsi qaçılmaz olaraq böyükmiqyaslı konfliktə gətirib çıxaracaq və Vaşinqton bu məsələdə ehtiyatlı davranmalıdır.
Xatırladaq ki, konfrans çərçivəsində Van İ həmçinin ABŞ-ın yeni dövlət katibi Marko Rubio ilə də görüşüb. Görüşdə 2026-cı ilin ikitərəfli münasibətlərdə sabitlik ili olması arzusu ifadə edilsə də, Tayvan ətrafındakı gərginlik əsas müzakirə mövzusu olaraq qalır. Pekin administrasiyası hesab edir ki, xarici qüvvələrin adanın işlərinə müdaxiləsi beynəlxalq hüquq normalarına ziddir və Çinin ərazi bütövlüyünə birbaşa təhdiddir.
Arzu Qafarova
