Bu gün:

"Bu qərarların verilməsi şəhər mobilliyinə müsbət təsir göstərəcək"


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı nəqliyyat eksperti Rauf Ağamirzəyevdir. O, "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsumun 3 min manat olacağını necə dəyərləndirdiyini bildirib.

-İyulun 14-də Milli Məclisin iclasında taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib. "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat olacaq. Bunu necə dəyərləndirirsiniz?

-Bu, kompleks tədbirlər planının bir hissəsidir, taksi fəaliyyəti də onlardan biridir. Taksi fəaliyyətinin təkmilləşdirilməsi keyfiyyətin yüksəldilməsi ilə bağlı tələblərin içində rüsumun 3 min manat olacağı məsələsi də var. Bununla  paralel biz bilirik ki, zona-saat parkinq sistemi ilə bağlı qərarlar var. Ödəniş sisteminin təkmilləşdirilməsi ilə bağlı BakıKart-ın da tətbiqini işə salıblar. Həmçinin ayrılmış avtobus zolaqlarının da məsələsi gündəmdədir. Yəni bunlar yekunda şəhər mobilliyinə müsbət təsir göstərəcək. Taksi fəaliyyətinin icazəsi ilə bağlı rüsumlar da həmin komplekslər tədbirlər planının tərkib hissəsidir. Son zamanlar taksi fəaliyyətində müşahidə olunan xaotik vəziyyət və pərakəndəlik xidmət keyfiyyətinin aşağı düşməsinə də səbəb olur. Bu həm sürücülər tərəfindən, həm də sərnişinlər tərəfindən də narazılığa səbəb olur. İslahatın əsas hədəfi bu narazılıqları aradan qaldırmaqdır, amma bu islahatın tək taksi fəaliyyəti ilə kifayətlənməyib, digər ictimai nəqliyyat növlərinin, daha çox sərnişindaşıyan ictimai nəqliyyat növlərinin küçə şəbəkəsində üstünlüyü təmin olunmalıdır, insanların hərəkəti daha rahat təmin olunmalıdır ki, ümumi sistem yaxşılaşsın və müsbət təsiri hər bir tərəfdə hiss etmək mümkün olsun. 

24media.az xatırladır ki, iyulun 14-də Milli Məclisin iclasında taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib. "Dövlət rüsumu haqqında" qanuna dəyişikliklərə əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat olacaq. Bundan əlavə, taksi ilə sərnişin danışmaları üçün buraxılış vəsiqəsi (125 manat) və buraxılış kartı alınmalıdır. Taksi sürücüsü haqda, o cümlədən hər bir taksi sifarişi üzrə məlumatları informasiya sisteminə ötürməyən vəzifəli şəxslər 10 min 500, hüquqi şəxslər isə 20 min manat cərimələnəcək. İnzibati Xətalar Məcəlləsinə belə bir dəyişiklik edilib. Taksi avtomobillərinə gediş haqqının məbləğinin hesablanması üçün taksometr də quraşdırılacaq.

Lumu Zülfüqarova 


Paylaş
Şərh əlavə et