BƏHREYN - “Ferrari”nin pilotu Şarl Lekler Formula 1-in 2026 mövsümü üçün Bəhreyndə keçirilən mövsümöncəsi testlərin ikinci səhər sessiyasında ən sürətli nəticəni göstərib. “Mercedes” və “Red Bull” isə texniki nasazlıqlarla üzləşib.

Lekler “Ferrari”nin SF-26 bolidi ilə 1 dəqiqə 34.273 saniyə nəticə göstərərək cədvəlin zirvəsinə yüksəlib. Bu göstərici çərşənbə günü “McLaren” pilotu Lando Norrisin əldə etdiyi vaxtdan 0.4 saniyə daha sürətli olub.
“Red Bull” səhər sessiyasının sonunda cəmi bir dövrə vura bilib. Komandanın bildirdiyinə görə, bolid yığılarkən şassidə hidravlik sızma aşkarlanıb. Gün ərzində sükan arxasında olması planlaşdırılan fransalı pilot İzək Həccar vaxt itkisini sonradan kompensasiya etməyə çalışacaq.
“Mercedes”də isə Andrea Kimi Antonelli cəmi üç dövrədən sonra güc qurğusunda yaranan problem səbəbindən sessiyanı erkən başa vurub. Günün ikinci yarısında bolidi Corc Rasselin idarə etməsi nəzərdə tutulub.
“Cadillac” komandasının pilotu Serxio Peres ilk çıxış dövrəsində naməlum səbəbdən qırmızı bayrağa səbəb olub. Lakin bolid trasdan götürüldükdən sonra yenidən testlərə qoşulub. Peres ümumilikdə 42 dövrə vurub və ən yaxşı nəticəsi 1 dəqiqə 38.653 saniyə olub. Bu nəticə yalnız “Aston Martin” pilotu Fernando Alonsonun (1:38.960) vaxtından sürətli olub.
Digər pilotlar arasında ən yaxşı nəticəni “Alpine”dən Pyer Qasli (1:36.723) göstərib. Onu “Haas”dan Oliver Berman, “Williams”dan Aleksander Albon, “Audi”dən Niko Hülkenberq və “Racing Bulls”dan Liam Louson izləyib.
Mənbə: Motorsport
Tərcümə etdi: Nərmin Məmmədzadə
