Bu gün:

ABŞ Rusiyanın və Ukraynanın müharibəni dayandırmasını istəyir


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ABŞ Rusiyayla müharibənin iyun ayına qədər başa çatmasını istəyir və hər iki tərəf gələn həftə ABŞ-də keçiriləcək danışıqlara dəvət olunub.

“Amerika ilk dəfə olaraq iki danışıqlar heyətinin — Ukrayna və Rusiyanın ABŞ-də, ehtimal ki, Mayamidə bir həftə ərzində görüşməsini təklif edib. Biz iştirakımızı təsdiqlədik”, — Zelenski bildirib.

Vaşinqton və Moskvadan hələlik rəsmi açıqlama verilməyib. Lakin ABŞ Prezidenti Donald Tramp yenidən vəzifəyə qayıtdıqdan sonra münaqişənin sona çatdırılması üçün təzyiqləri artırır.

Bu arada Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirir və bu, şaxtalı hava şəraitində genişmiqyaslı elektrik kəsintilərinə səbəb olur.

Şənbə günü yayımlanan açıqlamasında Zelenski ABŞ-nin vasitəçiliyi ilə Abu-Dabidə keçirilən və cümə günü nəticəsiz başa çatan ikinci sülh danışıqları raundunda baş verənlər barədə jurnalistlərə məlumat verib.

Zelenski bildirib ki, “çətin məsələlər çətin olaraq qalır”, o cümlədən Ukraynanın təzyiq altında olduğu ərazi güzəştləri mövzusu da gündəmdədir.

Onun sözlərinə görə, tərəflər ilk dəfə olaraq yalnız nümayəndələr səviyyəsində deyil, liderlərin iştirakı ilə üçtərəfli görüş ehtimalını müzakirə ediblər, lakin Zelenski “bunun üçün hazırlıq mərhələsi lazımdır”, -  deyə əlavə edib.

Razılaşma üçün konkret vaxt çərçivəsi verilib-verilmədiyi sualına cavab olaraq Zelenski deyib: “Amerikalılar hər şeyi iyun ayına qədər həll etmək istədiklərini bildirirlər”.

“Niyə bu yaydan əvvəl?”, — deyə o əlavə edib. “Biz başa düşürük ki, ABŞ-də daxili siyasi məsələlər bunun üzərində təsir göstərəcək”. Bu məsələlərə ABŞ-də noyabr ayında keçiriləcək aralıq seçkiləri də daxildir və onlar hakimiyyət balansına təsir edə bilər. 

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et