Britaniya polisi Endryu Mauntbatten-Uindsorun hökumətin ticarət elçisi olduğu dövrdə rəsmi səfərlərlə bağlı məxfi məlumatları uşaq cinsi istismarı cinayətlərində təqsirli bilinən maliyyəçi Cefri Epşteynə ötürüb-ötürmədiyini araşdırıb.

İddialara görə, Endryu Mauntbatten-Uindsor 2010 və 2011-ci illərdə Sinqapur, Çin, Honkonq və Vyetnama etdiyi rəsmi səfərlərlə bağlı hesabatları Cefri Epşteynə göndərib. Bu məlumatlar ABŞ Ədliyyə Nazirliyi tərəfindən bu ay açıqlanmış elektron məktubların dərc olunmasından sonra üzə çıxıb.
Temz Velli Polisi məsələ ilə bağlı açıqlamasında bildirib: “Bu müraciətin daxil olduğunu təsdiqləyirik və təqdim olunan məlumatları mövcud prosedurlara uyğun şəkildə qiymətləndiririk”.
Eyni polis qurumu daha əvvəl ikinci bir qadının Epşteyn tərəfindən 2010-cu ildə Böyük Britaniyaya göndərildiyini və həmin vaxt şahzadə olan Endryu ilə cinsi əlaqəyə məcbur edildiyini iddia etməsini də araşdırıb. Britaniya vətəndaşı olmayan qadının hadisə zamanı 20-li yaşlarında olduğu bildirilib. Hadisənin Endryu Mauntbatten-Uindsorun keçmiş Kral Lojası iqamətgahında baş verdiyi iddia olunub.
Dərc edilmiş sənədlərdə qeyd olunub ki, 7 oktyabr 2010-cu ildə Şahzadə Endryu Epşteynə Sinqapur, Vyetnam, Çinin Şençjen şəhəri və Honkonqa planlaşdırılan rəsmi səfərləri barədə məlumat göndərib. Səfərlər başa çatdıqdan sonra, 30 noyabr tarixində isə o, həmin səfərlərlə bağlı rəsmi hesabatları xüsusi köməkçisi Amit Patel tərəfindən aldığı e-məktubdan cəmi beş dəqiqə sonra Epşteynə yönləndirib.
Sənədlərdə həmin hesabatların Britaniyanın ticarət razılaşmaları ilə bağlı bazar üçün həssas məlumatlar ehtiva edib-etmədiyi, eləcə də Mauntbatten-Uindsorun Rəsmi Sirlər Aktını imzalayıb-imzalamadığı dəqiqləşdirilməyib.
Hökumətin müvafiq təlimatlarında vurğulanıb ki, ticarət elçisi vəzifəsi məxfi məlumatların qorunması öhdəliyini daşıyır. Bu öhdəliklərə “müvafiq bazarlar və səfərlərlə bağlı paylaşılan həssas, kommersiya və ya siyasi məlumatlar” daxil edilib. Təlimatlarda qeyd olunub ki, bu məxfilik öhdəliyi vəzifə müddəti başa çatdıqdan sonra da qüvvədə qalır və 1911-ci və 1989-cu illərə aid Rəsmi Sirlər Aktları tətbiq olunur.
