Avstraliyanın Perth şəhərində keçirilən Perth Festival 2026 rəsmi olaraq açılıb. Festivalın açılış mərasimi şəhərin əsas təbii məkanlarından biri olan Swan çayı (Derbarl Yerrigan) boyunca qurulan genişmiqyaslı işıq və səs instalyasiyaları ilə müşayiət olunub.

Bu il festivalın əsas mövzusu yerli aborigen mədəni irsi, icma hekayələri və müasir incəsənətin sintezi üzərində qurulub. Açılış proqramında nümayiş etdirilən “Karla Bidi” adlı işıq instalyasiyası xüsusilə diqqət çəkib. Sözügedən sənət layihəsi yerli Noongar xalqının hekayələrini və mədəni yaddaşını müasir vizual dillə tamaşaçılara təqdim edir.
Perth Festival 2026 çərçivəsində fevral və mart ayları ərzində teatr tamaşaları, musiqi konsertləri, rəqs performansları, açıq hava sərgiləri və ictimai incəsənət layihələrinin keçirilməsi nəzərdə tutulur. Festival həm yerli sənətçilərin, həm də beynəlxalq yaradıcı kollektivlərin iştirakı ilə Avstraliyanın ən böyük mədəniyyət tədbirlərindən biri hesab olunur.
Tədbir mədəniyyətin cəmiyyətlə əlaqəsini gücləndirmək, yerli irsi qorumaq və müasir incəsənəti geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.
Mənbə: The Guardian
Tərcümə etdi: Zəhra Məlikova
