ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni, sabiq baş məsləhətçisi Cared Kuşner İranla Omanda keçirilməsi planlaşdırılan nüvə danışıqları ərəfəsində Qətərə səfər edib.

Qətər mərkəzli “Al Jazeera” telekanalının məlumatına görə, məsələ ilə bağlı rəsmi mənbələr açıqlama verib.
Ağ Evdən adı açıqlanmayan bir rəsmi, Trampın Yaxın Şərq siyasətinin əsas fiqurları olan Uitkoff və Kuşnerin İranla sabah keçirilməsi nəzərdə tutulan görüşdən əvvəl Qətərin paytaxtı Dohaya gəldiyini bildirib.
ABŞ və onun müttəfiqi İsrail İranı nüvə silahı hazırlamağa çalışmaqda ittiham edir, Tehran isə nüvə proqramının elektrik enerjisi istehsalı da daxil olmaqla sülh məqsədlərinə xidmət etdiyini bəyan edir.
ABŞ Dövlət katibi Marko Rubio mövzu ilə bağlı açıqlamasında İranla aparılacaq danışıqlarda müəyyən məsələlərin mütləq gündəmdə olmalı olduğunu vurğulayaraq bildirib ki, “danışıqların həqiqətən mənalı nəticəyə çatması üçün bəzi başlıqlar müzakirə edilməlidir. Bunlara ballistik raketlərin uçuş məsafəsi, regiondakı terror təşkilatlarına verilən dəstək, nüvə proqramları və öz xalqlarına münasibətləri daxildir.”
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai isə ölkəsinin raket proqramının və (aşağı səviyyəli) uranın zənginləşdirilməsi fəaliyyətlərinin danışıqlar mövzusu olmadığını bildirib.
ABŞ İranla danışıqların 6 fevral, cümə günü Omanın paytaxtı Maskatda keçiriləcəyini təsdiqləyib.
Bu görüş, İran və İsrail arasında 2025-ci ilin iyununda baş vermiş və 12 gün davam etmiş qarşıdurmalardan sonra ABŞ və İran rəsmiləri arasında ilk təmas olacaq.
