İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan danışıqların müsbət istiqamətdə irəlilədiyini bildirib.
Pezeşkian X sosial media platformasında etdiyi paylaşımda Omanda keçirilən İran-ABŞ danışıqlarını qiymətləndirib.
O bildirib ki, “Regiondakı dost hökumətlərin təşəbbüsləri ilə keçirilən İran-ABŞ danışıqları irəliyə doğru atılmış bir addımdır”.
Prezident vurğulayıb ki, dialoq Tehranın fikir ayrılıqlarını sülh yolu ilə həll etmək üçün əsas strategiyasıdır.
Nüvə məsələsinə toxunan Pezeşkian deyib: “Bizim mövqeyimiz Nüvə Silahlarının Yayılmaması Müqaviləsində təsbit olunmuş hüquqlara əsaslanır. İran xalqı həmişə hörmətə hörmətlə cavab verib, lakin güc dilini qəbul etmir”.
İran və ABŞ arasında danışıqlar
2025-ci ilin iyun ayında İsrail və ABŞ-nin İrana hücumlarından sonra dayandırılan nüvə danışıqları Omanda yenidən bərpa olunub.
Danışıqlar Tehran və Vaşinqton arasında gərginliyin artdığı, ABŞ-nin bölgədə hərbi mövcudluğunu gücləndirdiyi bir vaxtda keçirilib.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, ABŞ nümayəndə heyətinə isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi bildirib ki, Məskatda keçirilən görüş tərəflərin danışıqları davam etdirmək barədə razılığa gəlməsi ilə yekunlaşıb.
https://share.google/KvRYbpzIkfVZkDXrB
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
