Norveç kral ailəsi bu həftə bir neçə istiqamətdə qalmaqallarla üzləşib. Xeyriyyə təşkilatları vəliəhd şahzadə Mette-Marit-in mərhum seks cinayətkarı Ceffri Epşteynlə keçmiş əlaqələrinə görə onunla əməkdaşlığı dayandırmaq və ya yenidən nəzərdən keçirmək qərarı verib. Bəzi dairələr isə onun gələcək kraliça vəzifəsinə uyğunluğunu sual altına alır.

İlk qalmaqal vəliəhd şahzadə Mette-Marit-in 29 yaşlı oğlu Marius Borg Höybiyə aiddir. O bu həftə Osloda keçirilən məhkəmədə dörd zorlamada ittiham olunub. Höybi ifadəsinin ilk günü göz yaşları içində ittihamları rədd edib.
Höybi anası 2001-ci ildə vəliəhd şahzadə Haakonla evlənməzdən əvvəl doğulduğu üçün taxt-tac varisliyi xəttinə daxil deyil. Şahzadə Haakon məhkəmə başlamazdan əvvəl verdiyi nadir açıqlamada ögey oğlunun Norveç Kral Evinin üzvü olmadığını vurğulayaraq bildirib ki, o, “kral ailəsinin üzvü deyil və buna görə də müstəqil bir şəxsdir”.
Lakin Haakonun krallığın nüfuzunu qorumaq cəhdləri ikinci qalmaqalın ortaya çıxması ilə kölgədə qalıb. Bu dəfə qalmaqal onun həyat yoldaşı və Norveçin gələcək kraliçası olan Mette-Marit-i əhatə edir.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan yeni Epşteyn sənədləri Mette-Marit ilə onun arasında geniş yazışmaların mövcud olduğunu üzə çıxarıb. Şahzadə bu əlaqələrə görə sonradan peşman olduğunu bildirib.
Cümə günü Norveç Kral Sarayı yaydığı açıqlamada Mette-Marit-in “Epşteynin zorakılıq və cinayət əməllərini qəti şəkildə pislədiyini” və onun “necə bir insan olduğunu kifayət qədər erkən anlamadığı üçün təəssüf hissi keçirdiyini” bəyan edib.
Mette-Marit açıqlamasında deyib:
“Epşteynlə aramızda olan mesajların bəzi məzmunu mənim olmaq istədiyim insanı əks etdirmir. Həmçinin bu vəziyyətə görə, xüsusilə Kral və Kraliçanı çətin vəziyyətdə qoyduğum üçün Kral Ailəsindən üzr istəyirəm”.
Mənbə: CNN
Tərcümə etdi: Nuray Ədilzadə
