ABŞ Prezidenti Donald Tramp İranla ticarəti davam etdirən ölkələrə qarşı əlavə rüsumların tətbiqini nəzərdə tutan icra sərəncamı imzalayıb. Sənəddə konkret faiz göstərilməsə də, nümunə olaraq 25% rüsum qeyd olunub və bu tədbirin İranla birbaşa və ya dolayı şəkildə ticarət edən ölkələrdən ABŞ-yə idxal olunan mallara şamil ediləcəyi bildirilib.

Tramp sərəncamla bağlı birbaşa açıqlama verməsə də, “İranın nüvə silahı olmamalıdır” mövqeyini yenidən təkrarlayıb. Qərar ABŞ və İran rəsmilərinin Omanda apardığı danışıqlar fonunda qəbul olunub. Ağ Ev bu addımın İranla bağlı “davam edən milli fövqəladə vəziyyəti” təsdiqlədiyini açıqlayıb.
ABŞ tərəfi bildirir ki, İran nüvə imkanlarının inkişafı, terrorizmin dəstəklənməsi və regionda sabitliyi pozan fəaliyyətlərinə görə məsuliyyətə cəlb olunur. Həmçinin qeyd edilib ki, şərait dəyişərsə, prezident sərəncama düzəliş edə bilər. İrandan hələlik rəsmi reaksiya verilməyib.
Omanda keçirilən danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ tərəfinə isə xüsusi elçi Stiv Uitkoff rəhbərlik edib. Tramp danışıqları “çox yaxşı” adlandıraraq, İranın razılaşma əldə etmək istədiyini deyib və gələn həftə yeni görüşün planlaşdırıldığını açıqlayıb.
ABŞ və İran arasında artan gərginlik mümkün münaqişə risklərini artırıb. Tramp razılaşma əldə olunmazsa, ağır nəticələrin olacağını bildirib. İran isə nüvə proqramının dinc məqsədlər daşıdığını vurğulayaraq, nüvə silahı hazırlamaq ittihamlarını rədd edib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
