"Liverpul"un kapitanı Vircil van Dayk keçmiş futbolçu olan televiziya ekspertlərini kəskin tənqid edib. Niderlandlı müdafiəçi bildirib ki, şərhlər zamanı gənc oyunçuların psixi sağlamlığı mütləq nəzərə alınmalıdır.

BBC-nin məlumatına görə, müsahibə zamanı Van Dayk bəzi şərhlərin sadəcə provokasiya və "klik" toplamaq məqsədi daşıdığını vurğulayıb. O, bu növ yanaşmaların gənc nəslin mental vəziyyətinə mənfi təsir göstərdiyini qeyd edib.
Van Dayk bildirib ki, tənqid futbolun ayrılmaz hissəsidir, lakin sosial mediada olan bullinq və ağır tənqidlər gənc oyunçular üçün ciddi sınağa çevrilir. "Mən bununla bacarıram, amma yeni nəsil üçün bu, heç də asan deyil" , – deyə kapitan əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl Ueyn Runi və Pol Skoulz kimi ekspertlərin bəzi futbolçular haqqında sərt çıxışları da böyük rezonans doğurub.
Mənbə: BBC.com
Tərcümə etdi: Fatimə Salmanlı
