Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin Əbu-Dabidə keçirilən danışıqlarının ikinci mərhələsi başa çatıb. Tərəflər genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, ABŞ, Ukrayna və Rusiya nümayəndələri ümumilikdə 314 hərbi əsirin dəyişdirilməsi üzrə razılaşma əldə ediblər.
Uitkoff sosial şəbəkədəki paylaşımında qeyd edib: “Hələ görüləsi mühüm işlər qalır, lakin bu cür addımlar davam edən diplomatik təmasların konkret nəticələr verdiyini və Ukraynadakı müharibəyə son qoymaq səylərinin irəlilədiyini göstərir”.
Rusiya, Ukrayna və ABŞ Moskvanın 2022-ci ilin fevralında Ukraynaya başladığı işğaldan sonra üçtərəfli danışıqlar üçün ilk dəfə yanvar ayında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə bir araya gəlib.
Stiv Uitkoff və ABŞ Prezidentinin kürəkəni Jared Kuşner ABŞ-nin təklif etdiyi sülh sazişinin detalları üzrə müzakirələr aparmaq məqsədilə fevralın 5-də ikinci dəfə Rusiya və Ukrayna nümayəndələri ilə Əbu-Dabidə görüş keçiriblər.
Görüşlərdən sonra uzun fasilədən sonra əsir mübadiləsi barədə razılaşma əldə olunub.
Birinci tur danışıqlar üçün “müsbət” mesajlar verilsə də, konkret nəticə əldə edilməyib.
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların asan keçmədiyini, Ukraynanın “mümkün qədər konstruktiv” qalacağını, lakin “daha sürətli nəticələr” istədiyini bildirib.
Əbu-Dabidə keçirilən görüşlərdən sonra uzun fasilədən sonra əsir mübadiləsi barədə razılıq əldə edilib.
ABŞ nümayəndəsi Uitkoff razılaşmaya əsasən, 314 məhbusun dəyişdiriləcəyini bildirib və əlavə edib ki, “bu, son beş ayda ilk belə mübadilədir”.
Rusiyanın dövlət xəbər agentliyi RİA Müdafiə Nazirliyinə istinadən Rusiya və Ukraynanın qarşılıqlı olaraq 157 hərbi əsiri dəyişdiyini xəbər verib.
RİA-nın məlumatına görə, Kursk vilayətindən üç mülki şəxs də Rusiyaya qaytarılıb.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
