Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ və İran arasındakı gərginliyin bölgədə yeni qarşıdurmaya səbəb olmaması üçün Türkiyə diplomatik səylərini davam etdirir.
O, “Amerika ilə İran arasındakı gərginliyin bölgəni yeni bir qarşıdurmaya və xaosa sürükləmədən azaldılması üçün əlimizdən gələni edirik”, – deyə vurğulayıb.
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə etdiyi səfərlərdən dönüşdə təyyarədə jurnalistlərin suallarını cavablandırarkən görüşlərin mahiyyəti barədə məlumat verib. Prezident bildirib ki, hər iki ölkənin liderləri və nümayəndə heyətləri ilə keçirilən müzakirələr “çox məhsuldar” olub.
Onun sözlərinə görə, görüşlərdə ikitərəfli münasibətlər, regional əməkdaşlıq və xüsusilə Fələstin və Suriya ilə bağlı aktual proseslər geniş şəkildə nəzərdən keçirilib. Ərdoğan qeyd edib ki, regionun aparıcı ölkələri olaraq “regional sahiblənmə” prinsipinə əsaslanan məsləhətləşmələr aparılıb.
Səfərin ilk dayanacağı olan Səudiyyə Ərəbistanında Vəliəhd Şahzadə və Baş nazir Məhəmməd bin Salmanla səmərəli görüşlər keçirdiklərini bildirən Ərdoğan, nümayəndə heyətləri arasında da geniş tərkibli görüşlərin təşkil olunduğunu xatırladıb. O əlavə edib: “Dörd sənədə imza atdıq və birgə bəyanat qəbul etdik. Səudiyyə Ərəbistanı müdafiə sənayesi, nəqliyyat, səhiyyə, investisiya və podratçılıq sahələrində bizim üçün vacib tərəfdaşdır. Ticarət dövriyyəmiz ardıcıl şəkildə artaraq 2025-ci ildə 8 milyard dollara çatıb. Podratçılarımız ölkədə ümumi dəyəri 30 milyard dollar olan 400-dən çox layihə həyata keçiriblər. EXPO-2030 və FIFA 2034 Dünya Kuboku kimi böyük tədbirlərə hazırlıq isə əlavə imkanlar yaradır. Bununla yanaşı, Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkəmizə artan marağı bizi sevindirir”.
Mənbə: TRT
Tərcümə etdi: Ətirə İbayeva
