Futbol üzrə İspaniya Kral Kubokunun 1/4 final mərhələsində “Barselona” səfərdə “Albasete” ilə qarşılaşıb. Görüş Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu barədə məlumat İngiltərənin “BBC Sport” nəşrində dərc olunub. Bildirilib ki, matçda hesab 39-cu dəqiqədə Lamin Yamalın qolu ilə açılıb. Gənc futbolçu cari mövsümdə Kral Kubokunda ilk dəfə fərqlənib.
İkinci hissənin əvvəlində, 56-cı dəqiqədə Ronald Arauxo Markus Reşfordun künc zərbəsindən ötürməsini başla tamamlayaraq “Barselona”nın üstünlüyünü iki topa çatdırıb.
Matçın sonlarına yaxın, 87-ci dəqiqədə meydan sahiblərinin heyətində Xavi Moreno fərqlənərək hesab arasındakı fərqi minimuma endirib. Lakin bu qol “Albasete” üçün yalnız təsəlli xarakteri daşıyıb.
Qeyd edək ki, Markus Reşford bu görüşdə məhsuldar ötürmə ilə yadda qalıb və cari mövsümdə bütün turnirlər üzrə həm qol, həm də assist göstəricisində ikirəqəmli nəticəyə çatan La Liqa oyunçularından biri olub.
“Barselona”nın bu qələbəsi ilə İspaniya Kral Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazandığı bildirilib.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
