İran Prezidenti Məsud Pazeşkian Xarici İşlər naziri Abbas Araqçıya ABŞ ilə danışıqlara başlamaq üçün göstəriş verdiyini açıqlayıb.

Pazeşkian X hesabında paylaşımında bildirib ki, danışıqlar ləyaqət, müdriklik, milli maraqlar və bərabərlik prinsipləri əsasında aparılmalıdır. O, həmçinin vurğulayıb ki, bu proses yalnız təhdidlərdən uzaq, qanunsuz və irrasional tələblər olmadan mümkündür.
Məlumata görə, ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff fevralın 6-da İstanbulda Araqçı ilə görüşə bilər. Görüşün əsas mövzusu mümkün nüvə sazişi olacaq.
Bu, ABŞ və İran rəsmilərinin 2025-ci ilin iyunundan, yəni İran–İsrail arasında baş verən 12 günlük münaqişədən sonra ilk birbaşa görüşü olacaq.
Araqçı isə Tehranda çıxışı zamanı bildirib ki, İran diplomatiyaya açıqdır, lakin diplomatiya təzyiq və hədə-qorxu ilə uzlaşmır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
