Norveçin vəliəhd şahzadəsi Mette-Maritın oğlu Marius Borq Höybi zorlamaya dair məhkəmə prosesinin başlamasına bir neçə gün qalmış yeni ittihamlarla həbs edilib.

Norveçin vəliəhd şahzadəsinin oğlu Marius Borq Höybi anasına, vəliəhd şahzadə Mette-Maritə qarşı Ceffri Epşteynlə bağlı sualların artdığı bir vaxtda, zorlamaya dair məhkəmə prosesinin başlanmasına az qalmış yeni ittihamlarla saxlanılıb.
Oslo polis dairəsi bildirilib ki, 29 yaşlı Marius Borq Höybi bazar günü axşam saatlarında bədən xəsarəti yetirmə, bıçaqla hədələmə və qoruyucu məhkəmə qərarını pozma şübhəsi ilə həbs edilib.
Həbs, Höybinin 38 epizod üzrə ittiham olunduğu məhkəmə prosesindən bir neçə gün əvvəl baş verib. Bu ittihamlar arasında dörd dəfə zorlama, keçmiş partnyoruna qarşı məişət zorakılığı və bir neçə qadını onların xəbəri və razılığı olmadan qanunsuz şəkildə lentə alma faktları yer alıb.
Məhkəmə prosesinin çərşənbə axşamı Osloda başlaması və yeddi həftə davam etməsi gözlənilib. Marius Borq Höybi cinsi zorakılıq da daxil olmaqla ən ağır ittihamları qəbul etmədiyini bildirib.
Polis onun yenidən cinayət törətməsinin qarşısını almaq məqsədilə dörd həftəlik həbs qətimkan tədbiri tələb edib. Oslo rayon məhkəməsi isə Höybinin prokurorluq və ya məhkəmənin növbəti qərarına qədər, ən geci 2 mart tarixinədək həbsdə saxlanılmasına qərar verib.
Polis prokuroru Andreas Kruşevski deyib: “Oslo polis dairəsi Marius Borq Höybinin bazar günü axşam saatlarında saxlanıldığını və ona bədən xəsarəti yetirmə, bıçaqla hədələmə və qoruyucu qərarı pozma maddələri üzrə ittiham irəli sürüldüyünü təsdiqləyib”.
Marius Borq Höybinin həbsi Norveç kral ailəsi üçün gərginliyin yüksək olduğu bir dövrə təsadüf edib.
