İran mediası prezident Pezeşkianın ABŞ ilə nüvə danışıqlarının bərpası barədə göstəriş verdiyini açıqlayıb. Danışıqların Türkiyədə baş tutacağı gözlənilir.

ABŞ prezidenti Donald Tramp dünən İranın nüvə proqramı ilə bağlı danışıqlar apardıqlarını bildirib. Bu danışıqlarla bağlı İran tərəfdən ilk cavab gəlib. İran mediası prezident Pezeşkianın ABŞ-la nüvə danışıqlarının bərpası barədə göstəriş verdiyini açıqlayıb. Fars Xəbər Agentliyinin məlumatına görə, ABŞ ilə danışıqların bir neçə gün ərzində Türkiyədə baş tutacağı gözlənilir.
Digər tərəfdən, ABŞ İranda bir müddətdir iqtisadi narazılıqlar üzündən nümayişlər keçirən etirazçılara dəstək verdiyini açıqlasa da, Tehran administrasiyası ilə danışıqlar ritorikası fonunda ölkəyə hücum variantlarını dəyərləndirməyə davam edir. Yanvarın əvvəlindən ABŞ mediasına danışan hökumət və hərbi rəsmilər İranla gərginlik artdıqca hava və dəniz qüvvələrinin sürətlə Yaxın Şərqə yönəldiyini vurğulayırlar. Buna uyğun olaraq, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bölgəyə təyyarədaşıyan zərbə qrupları, qabaqcıl döyüş təyyarələri donanması və raketdən müdafiə sistemləri yerləşdirir. Bildirilir ki, yerləşdirmə ABŞ prezidenti Donald Trampın yanvarın 28-də böyük bir dəniz qüvvələrinin İrana doğru getdiyini elan etməsindən sonra davam edir.
Hərbi aktivlik davam edərkən, danışıqlar məsələsi gündəmdə qalır. Dünən verdiyi açıqlamada Tramp ABŞ-nin regiondakı müttəfiqlərinin İranın hər zaman danışıqlara açıq olduğuna dair verdiyi zəmanətləri xatırladaraq, İranla əvvəlki uğursuz danışıqlara işarə edərək, bu məlumatı təsdiqləyib. Tramp "Bu, doğrudur, amma danışıqlar aparırlar, ona görə də nə baş verəcəyini görəcəyik. Sonuncu dəfə danışıqlar apararkən biz onların nüvə proqramını dayandırmalı olduq və bu nəticə verməyib",-deyib.
İranın ali dini lideri Əli Xamenei ABŞ-la yaşanan gərginliyə münasibət bildirərək, “Amerikalılar bilməlidirlər ki, müharibəyə başlasalar, bu dəfə regional müharibə olacaq”,-deyib. Vaşinqton administrasiyasının vaxtaşırı müharibə, təyyarə və döyüş gəmilərindən bəhs etməsinin yeni bir şey olmadığını bildirən Xamenei “Keçmişdə amerikalılar dəfələrlə öz bəyanatlarında “Bütün variantlar masadadır” deyərək təhdid ediblər. Bura müharibə variantı da daxildir”.
Mənbə: Haberler
Tərcümə etdi: Banuçiçək Qurbanova
