İsrail ordusu Qəzza zolağında atəşkəsi növbəti dəfə pozaraq mülki əhalini hədəf alıb. Hücum Qəzza Vadisi bölgəsində sivillərin toplaşdığı ərazidə baş verib. Nəticədə ölən və yaralananlar olub.

Deyr əl-Bəlahdakı Əl-Əqsa Şəhidləri Xəstəxanasının məlumatına görə, hücum zamanı bir fələstinli həyatını itirib, iki nəfər isə yaralanıb. Şahidlər İsrail ordusuna məxsus pilotsuz uçuş aparatının Qəzza Vadisinin şimalında yerləşən mülki nöqtəni raketlə vurduğunu bildiriblər. Qeyd olunur ki, bu ərazi atəşkəs razılaşmasına əsasən İsrail qüvvələrinin çəkilməli olduğu zonalar sırasındadır. Bundan əlavə, İsrail ordusu Qəzza şəhərinin müxtəlif bölgələrində partlayışlar və intensiv atəşlər həyata keçirib. Refah və Bureyc Mühacir Düşərgəsi ətrafında da hücumlar qeydə alınıb. Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, atəşkəsdən bu yana yüzlərlə fələstinli həyatını itirib və minlərlə insan yaralanıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Fidan Mənsimova
