2025-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 450,7 milyon manat, xərcləri isə 445,7 milyon manat olub. Gəlirlər təsdiqlənmiş planın 91,4 faizini, xərclər isə 88,2 faizini təşkil edib.

24media.az Report-a istinadən xəbər verir ki, büdcə gəlirlərinin 290,7 milyon manatı yerli yığımların payına düşüb ki, bu da plana nisbətən 140,1 faiz icra deməkdir. Dövlət büdcəsindən ayrılan dotasiya isə 160 milyon manat olub və planın 56 faizi səviyyəsində yerinə yetirilib.
Gəlirlərin əsas hissəsi vergi və gömrük daxilolmaları hesabına formalaşıb. Vergi orqanları vasitəsilə 260,4 milyon manat, gömrük orqanları xətti ilə isə 18,3 milyon manat vəsait daxil olub.
Büdcə xərcləri əsasən sosial və iqtisadi sahələrə yönəldilib. Təhsil sahəsinə 151,7 milyon manat, hüquq-mühafizə və məhkəmə orqanlarına 81,8 milyon manat, ümumi dövlət xidmətlərinə isə 69,1 milyon manat vəsait ayrılıb. Səhiyyə, sosial müdafiə, mədəniyyət, kənd təsərrüfatı və digər sahələr üzrə xərclər ümumilikdə 142,2 milyon manat təşkil edib.
Ümumilikdə büdcə xərcləri 445,7 milyon manat olub.
Talehə Hüseynzadə
