
Pakistanın sabiq baş naziri İmran Xan İslamabaddakı xəstəxanada həkimlər tərəfindən müayinə edildikdən sonra səhhəti stabil qiymətləndirilib və yenidən həbsxanaya qaytarılıb.
24media.az BBC-yə istinadən xəbər verir ki, müayinədə oftalmoloq, kardioloq və digər ixtisaslaşmış həkimlər iştirak ediblər. Ölkənin Ali Məhkəməsi siyasətçinin səhhəti ilə bağlı narahatlıqlar yarandıqdan sonra onun 48 saat ərzində xüsusi özəl tibb müəssisəsində müayinə olunması barədə göstəriş vermişdi. Lakin təhlükəsizlik səbəbindən İmran Xan sonda hökumətin idarə etdiyi xəstəxanaya aparılıb.
Müayinə zamanı sabiq baş naziri bacısı müşayiət edib və o, bütün proses ərzində həkimlərin nəzarəti altında olub.
İmran Xanın vəkilləri onun görmə qabiliyyətinin zəiflədiyini və digər sağlamlıq problemlərindən əziyyət çəkdiyini bildirərək, uzun müddətdir ixtisaslaşmış tibbi yardıma ehtiyac duyduğunu qeyd ediblər.
Xatırladaq ki, 2018-2022-ci illərdə Pakistanın baş naziri olmuş İmran Xan 2023-cü ilin avqustundan həbsdədir. Ona qarşı korrupsiya və dövlət sirlərinin sızdırılması da daxil olmaqla bir sıra ittihamlar irəli sürülüb. Sabiq baş nazir ittihamların siyasi motivli olduğunu bəyan edir.
Zəhra Əliyeva
