Bu gün:

Slovakiya Baş nazirinin milli təhlükəsizlik müşaviri istefa verib


Slovakiyanın Baş naziri Robert Fiko milli təhlükəsizlik üzrə müşaviri Miroslav Layçakın vəzifəsindən getdiyini açıqlayıb. İstefa qərarı ABŞ Ədliyyə Nazirliyinin mərhum maliyyəçi Ceffri Epşteynlə bağlı yayımladığı milyonlarla sənəddən sonra verilib.

Sənədlərdə Layçakın Epşteynlə mesajlaşmaları yer alıb. Yazışmalarda qadınlar və diplomatik görüşlərlə bağlı qeyri-ciddi ifadələr görülür. Sənədlər birbaşa qanun pozuntusunu sübut etməsə də, cəmiyyətdə ciddi narazılıq yaradıb.


Layçak ilk olaraq iddiaları təkzib etsə də, sonradan baş nazirə siyasi zərər vurmamaq üçün istefa verdiyini bildirib. Robert Fiko isə onu diplomatiya sahəsində böyük təcrübəyə malik şəxs kimi qiymətləndirib və yaranan tənqidləri özünə qarşı hücum adlandırıb.


Qeyd edək ki, Layçak daha əvvəl Slovakiyanın xarici işlər naziri olub və beynəlxalq diplomatik vəzifələrdə çalışıb. Epşteynlə bağlı sənədlər bir çox nüfuzlu şəxslərlə əlaqələrə dair yeni suallar doğurmaqda davam edir.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et