“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines İngiltərə Premyer Liqasının XXX turu çərçivəsində “Mançester Siti” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra səsləndirilən tənqidlərə münasibət bildirib. Argentinalı futbolçu matçdan əvvəl onun ünvanına deyilən fikirlərə əhəmiyyət vermədiyini açıqlayıb.

Bu barədə məlumat BBC Sport-un rəsmi internet səhifəsində dərc olunub. Bildirilib ki, 28 yaşlı Martines derbi görüşündə əsas fiqurlardan biri olub və komandanın qapısını toxunulmaz saxlamaqda mühüm rol oynayıb. Müdafiəçi “şəhərlilər”in hücumçusu Erlinq Haalandın təsirini minimuma endirməklə diqqət çəkib.
Qarşılaşmadan öncə sabiq “Mançester Yunayted” futbolçuları Niki Batt və Pol Skoulz Martineslə bağlı tənqidi fikirlər səsləndirib. Niki Batt norveçli hücumçunun Martinesi asanlıqla üstələyəcəyini iddia edib, Pol Skoulz isə Haalandın ona qarşı fiziki üstünlük quracağını bildirib.
Matçdan sonra Pol Skoulzun fikirləri ilə bağlı danışan Lisandro Martines deyib: “Düzü, o nə istəyir desin. Əgər mənə nəsə demək istəyirsə, gəlib üzümə deyə bilər. Evimə də gələ bilər, fərqi yoxdur. Televiziyada hamı danışa bilər, amma üz-üzə gələndə heç kim heç nə demir".
Müdafiəçi əlavə edib ki, əsas diqqətini öz çıxışına və komandanın oyununa yönəldir: "Mənim üçün vacib olan meydandakı performansımdır. Bu klub üçün son günümə qədər əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, “Mançester Yunayted” bu qələbə ilə cari mövsümdə Premyer Liqada üçüncü dəfə qapısını toxunulmaz saxlayıb.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
