Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ABŞ-nin 3 yanvarda həyata keçirdiyi hərbi müdaxilə zamanı 463 yaşayış evinə ziyan dəydiyini açıqlayıb.

Paytaxt Karakasda yüksək vəzifəli rəsmilər və merlərlə keçirilən görüşdə danışan Rodrigez bildirib ki, ABŞ-nin hava hücumları nəticəsində zərər görən evlərin bərpası üçün sosial yardım proqramı işə salınıb. O, ölkə əhalisini birlik və həmrəyliyə çağırıb.
Ad çəkmədən daxili və xarici qüvvələrə işarə edən Rodrigez deyib: “Ən yaxşı cavab sakit və ehtiyatlı davranmaqdır. Heç nə bizi məhv edə bilməz və heç nə bizi məğlub edə bilməz”.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez isə ABŞ-nin hərbi müdaxiləsi nəticəsində 47 əsgərin həlak olduğunu açıqlayıb.
Hadisə necə baş verib?
3 yanvar gecəsi yerli vaxtla saat 02:00 radələrində Venesuelanın paytaxtı Karakasda partlayış səsləri və hərbi təyyarələrin uçuşu müşahidə olunub. Bundan sonra Venesuela hökuməti ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını və Maduro ilə həyat yoldaşının ölkədən çıxarıldığını açıqlayıb.
ABŞ-nin baş prokuroru Pam Bondi isə Nikolas Maduro və həyat yoldaşı Cilia Floresə qarşı “narkotik terrorizmi, kokain qaçaqmalçılığı və qanunsuz silah saxlanılması” ittihamları irəli sürüldüyünü bildirib.
Venesuela hökuməti beynəlxalq ictimaiyyəti ABŞ-nin hücumlarını pisləməyə çağırıb. Bəzi ölkələr hücumu tənqid etsə də, digərləri ABŞ-ni dəstəklədiklərini açıqlayıblar.
https://share.google/P6ewBja3ujbZzMNVT
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
