Bu gün:

Kanadanın Baş naziri Karni Trampın təhdidlərindən sonra Çinə kritik səfər edib


Kanadanın Baş naziri Mark Karni Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşüb. Bu, son illərdə iki ölkə arasında ən yüksək səviyyəli təmasdır. Kanadadan Çinə baş nazir səviyyəsində son səfər 2017-ci ildə baş tutub.

Səfərdə Karnini bir sıra əsas nazirlər müşayiət edir və bu addım Kanada–Çin münasibətlərində “əhəmiyyətli və tarixi” kimi qiymətləndirilir. Si Cinpin görüşdən əvvəl ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edib. Karni isə iki ölkə arasında sabitlik, təhlükəsizlik və rifah məqsədilə yeni münasibətlərin qurulmasının mümkün olduğunu bildirib.

Bu səfər ABŞ Prezidenti Donald Trampın Kanadanı “51-ci ştat” etmək fikrini tez-tez səsləndirməsi fonunda xüsusi önəm daşıyır. Ottava ABŞ-də nasılılığını azaltmaq və Çinlə əlaqələrdə sabitlik yaratmaq niyyətindədir.

Kanada və Çin hazırda ticarət sazişi üzrə danışıqlar aparır. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 85 milyard dollar olub. ABŞ ilə Kanada arasındakı ticarət həcmi isə 761 milyard dollar təşkil edir.

Son illərdə Çin Kanadadan daha çox neft idxal edir və Kanadadakı Çinli tələbələrin sayı 2024-cü il etibarilə 125 mini keçib.

Mənbə: BBC News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et