“Arsenal”–ın baş məşqçisi Mikel Arteta komandasının cari mövsümdə bütün turnirlərdə yüksək formada çıxış etdiyini və bunun futbolçulara tarixi uğur qazanacaqlarına inam verdiyini bildirib.

Son üç mövsümdə Premyer Liqanı ikinci pillədə başa vuran London təmsilçisi hazırda turnir cədvəlinin zirvəsində altı xallıq üstünlüyə malikdir. Komanda bütün turnirlər üzrə son 10 oyunda məğlubiyyət üzü görməyib.
“Arsenal” eyni zamanda Çempionlar Liqasında altı oyunun hamısında qalib gələrək qrup mərhələsini lider kimi başa vurub, İngiltərə Kubokunda dördüncü mərhələyə yüksəlib və Liqa Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Çelsi”ni 3:2 hesabı ilə məğlub edib.
Şənbə günü Premyer Liqada “Nottingem Forest”–lə səfər oyunu öncəsi jurnalistlərə açıqlama verən Arteta komandanın mövsüm ərzində göstərdiyi stabil oyunu xüsusi vurğulayıb:
“Biz çox yaxşı momentum qazanmışıq. İnam isə meydandakı çıxışdan və bu mövsüm ərzində 32 oyunda nümayiş etdirdiyimiz ardıcıllıqdan formalaşır”, - deyə baş məşqçi bildirib.
Mənbə: Reuters
Tərcümə etdi: Mələk Nəsirli
