İranla İraq Kürdüstanı arasındakı Bəşmaq sərhəd-keçid məntəqəsində danışan iranlılar ölkədə baş verən zorakılıqlar və etiraz aksiyaları haqqında məlumat veriblər. İran hakimiyyətinin interneti bağlamasına baxmayaraq, sərhədlərin açıq qaldığı, insanların ailə ziyarətləri üçün hər iki tərəfə keçdiyi bildirilir.

Adının açıqlanmasını istəməyən İran vətəndaşı ötən həftə etiraz zamanı təhlükəsizlik qüvvələri tərəfindən üzündən rezin güllələrlə vurulduğunu deyib. O, saxlanılmaq qorxusundan tibbi yardım ala bilmədiyini, oxşar vəziyyətdə olan bir çox etirazçının da xəstəxanaya getməyə cəsarət etmədiyini vurğulayıb.
Sərhəddə danışan bəzi şəxslər etirazların sərt şəkildə yatırılmasına baxmayaraq, Tehranın bəzi bölgələrində və ətraf şəhərlərdə aksiyaların davam etdiyini iddia ediblər. Lakin ölkə daxilindən görüntülərin azlığı səbəbindən bu məlumatları müstəqil şəkildə təsdiqləmək çətindir.
Bununla yanaşı, əsas narazılıq səbəbi kimi ağır iqtisadi vəziyyət göstərilir. İnsanların sadəcə normal həyat və əsas hüquqlar istədiyini söyləyib.
Müşahidəçilərə görə, hakimiyyətin etirazları zor gücünə yatırması onun zəiflədiyini göstərir. İran rəhbərliyinin əsas problemi isə əhalinin təhlükəsizlik və rifah tələblərini qarşılayacaq real həll yolları tapa bilməməsidir.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
