İranda dekabrın sonlarında iqtisadi səbəblərlə başlayan etirazlar sonradan siyasi tələblərlə daha da genişlənib. Etirazların zor tətbiqi ilə yatırıldığına dair xəbərlər beynəlxalq reaksiyalara səbəb olub.
ABŞ Prezidenti Donald Tramp etirazların gedişi ilə bağlı Vaşinqtonun mövqeyini açıqlayaraq bildirib ki, “İranda edamların dayandırıldığı və etirazçıların edam edilməsinə dair planın olmadığı” barədə Ağ Evə məlumat verilib. Tramp bu məlumatın “qarşı tərəfdəki çox önəmli mənbələr” tərəfindən çatdırıldığını vurğulayıb və xəbərlərin doğru olacağına ümid etdiyini qeyd edib.
Prezident jurnalistlərin suallarını cavablandırarkən, “İzləyəcəyik və prosesin nə olduğunu görəcəyik”, – deyə bildirib.
Tramp həftənin əvvəlində xəbərdarlıq edərək bildirib ki, əgər etirazçıların edamı baş verərsə, ABŞ İranə qarşı “çox güclü addımlar” atacaq. Tehran isə cavab olaraq, ABŞ tərəfindən mümkün hücum halında adekvat cavab zərbəsi endiriləcəyini bəyan edib.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
