İngiltərənin “Mançester Siti” qadın futbol komandası ABŞ millisinin yarımmüdafiəçisi Sam Koffini transfer edib. 27 yaşlı futbolçu “Portland Thorns” klubundan 3 il yarımlıq müqavilə ilə Mançester təmsilçisinə keçib.

Bu barədə məlumat klubun rəsmi mənbələri və BBC Sport tərəfindən yayılıb. Bildirilib ki, “Siti” bu transfer üçün təxminən 800 min ABŞ dolları (600 min funt sterlinq) ödəyib.
Sam Koffi son dörd mövsümü NWSL-də “Portland Thorns”un heyətində keçirib, 100-ə yaxın oyunda iştirak edib və 2022-ci ildə çempionluq qazanıb. O, ABŞ millisində 42 oyuna çıxıb və 2024-cü il Olimpiya Oyunlarının qalibi olub.
Futbolçu açıqlamasında “Mançester Siti”nin oyun üslubunun və komanda atmosferinin onu cəlb etdiyini bildirib. Klub rəhbərliyi Koffinin WSL və UEFA Qadınlar Çempionlar Liqası uğrunda mübarizədə əsas fiqurlardan biri olacağına inanır.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
