Bu gün:

Tramp etirazçıların edam ediləcəyi halda İrana qarşı sərt addımlar atılacağını bildirib


ABŞ prezidenti Donald Tramp İran hakimiyyəti etirazçılara edam hökmü icra edərsə, Vaşinqtonun “çox sərt addımlar” atacağını bəyan edib. Onun bu açıqlaması hüquq-müdafiə təşkilatlarının İranda hökumətə qarşı etirazlar zamanı 2 400-dən çox nümayişçinin öldürüldüyünü bildirdiyi vaxta təsadüf edib.

BBC Persian-a danışan mənbələr ötən həftə saxlanılan 26 yaşlı Erfan Soltaninin çərşənbə günü edam olunmasının planlaşdırıldığını deyiblər. Hengaw İnsan Haqları Təşkilatının nümayəndəsi işin qeyri-adi sürətlə, cəmi iki gün ərzində ölüm hökmünə qədər aparıldığını qeyd edib. Soltaninin ailəsi onun xəbərdarlıq edilmədən edam oluna biləcəyindən ciddi narahatdır.

Tramp CBS News-a açıqlamasında edamların baş verməsi halında ABŞ-nin buna cavabsız qalmayacağını vurğulayıb. O, vəziyyəti müzakirə etmək üçün Ağ Evdə toplantı keçirməyi planlaşdırdığını və etirazlarda ölənlərin sayı ilə bağlı “dəqiq məlumatlar” əldə edəcəyini bildirib.

ABŞ-də yerləşən HRANA təşkilatının məlumatına görə, indiyədək etirazlar zamanı 2 403 nəfər, o cümlədən 12 uşaq öldürülüb, 18 mindən çox insan saxlanılıb. İran tərəfi isə ölənlərin sayını 2 000 olaraq açıqlayıb və məsuliyyəti “terrorçuların” üzərinə qoyub.

İran boyu 31 vilayətin hamısında yayılan etirazlar milli valyutanın dəyərdən düşməsi və həyat bahalığı fonunda başlayıb, sonradan siyasi dəyişiklik tələblərinə çevrilib. BMT-nin insan haqları üzrə ali komissarı Volker Türk İran hakimiyyətini zorakılığı dərhal dayandırmağa və etirazçılara qarşı ölüm cəzasının tətbiqindən imtina etməyə çağırıb.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et