ABŞ Ədliyyə Nazirliyinin açıqlanan məxfi memorandumu Tramp administrasiyasının Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi üçün hərbi əməliyyata razılıq alıb, lakin bunun beynəlxalq hüququ pozub-pozmadığını müəyyən etməyi “lazımsız” sayıb.

Açıqlanan hüquqi memoranduma əsasən, Donald Tramp administrasiyası Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək məqsədilə hərbi gücdən istifadə etmək üçün ABŞ Ədliyyə Nazirliyindən icazə alıb, lakin əməliyyatın beynəlxalq hüquqa zidd olub-olmadığı məsələsi açıq saxlanılıb.
Çərşənbə axşamı yayımlanan 22 səhifəlik sənəddə Ədliyyə Nazirliyinin Hüquqi Məsləhət Ofisinin (OLC) rəhbər hüquqşünası Ti Elliot Qeyser beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə qısa şəkildə toxunub. Həmin nizamnaməyə görə, bir dövlət başqa bir ölkənin ərazisində yalnız həmin ölkənin razılığı, özünümüdafiə əsası və ya BMT Təhlükəsizlik Şurasının icazəsi ilə güc tətbiq edə bilər.
Buna baxmayaraq, Qeyser əməliyyatın beynəlxalq hüququ pozub-pozmadığını müəyyən etməyin vacib olmadığını irəli sürüb, əsas arqument kimi isə Donald Trampın daxili ABŞ qanunvericiliyinə əsasən bu əməliyyata səlahiyyətli olduğunu göstərib.
Gecə saatlarında planlaşdırıldığı bildirilən bu hərbi basqın ABŞ prezidentinin Konqresin razılığı olmadan silahlı münaqişə başlatmaq səlahiyyəti və beynəlxalq hüququn mümkün pozulması ilə bağlı ciddi hüquqi suallar doğurub.
Memorandumda faktiki olaraq prezidentlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini nəzərə almadan hərəkət edə biləcəyi müdafiə olunub, beynəlxalq hüquqi nəticələrin isə ikinci plana keçirildiyi vurğulanıb.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
