Bu gün:

Qrenlandiyanın Baş naziri Nielsen: “ABŞ-ni deyil, Danimarkanı seçərik”


Qrenlandiyanın Baş naziri Yens-Frederik Nielsen bildirib ki, hazırda seçim qarşısında qalsalar, Qrenlandiya xalqı ABŞ əvəzinə Danimarkanı seçər.


Nielsen bu açıqlamanı Danimarkanın Baş naziri Mette Frederiksen ilə birgə keçirdiyi mətbuat konfransında verib.

ABŞ Prezidenti Donald Tramp son dövrlərdə yenidən Danimarkaya məxsus yarı-muxtar ada olan Qrenlandiyanı ilhaq etməyi planlaşdırdığını bəyan edib.

Nielsenin bu fikirləri Qrenlandiyadan bu mövzu ilə bağlı indiyədək səsləndirilən ən sərt açıqlama kimi qiymətləndirilir.

Tramp bildirib ki, ABŞ Rusiya və Çinə qarşı öz təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyaya “sahib olmalıdır”.

Ağ Ev ABŞ-nin adanı Danimarkadan satın almasını təklif etsə də, ilhaq məqsədilə hərbi gücdən istifadə ehtimalını da istisna etməyib.

Danimarkanın Baş naziri Mette Frederiksen isə belə bir vəziyyətdə hərbi gücdən istifadənin, müdafiə ittifaqı olan NATO-nun sonu olacağı barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Danimarka NATO-nun 32 üzvündən biridir.

Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et