Bu gün:

Simeone Vinisius Cuniorla bağlı hərəkətinə görə üzr istəyib


İspaniyanın “Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone İspaniya Superkubokunun yarımfinal oyunu zamanı “Real Madrid”in hücumçusu Vinisius Cuniora qarşı nümayiş etdirdiyi davranışa görə üzr istəyib. Qarşılaşma Səudiyyə Ərəbistanında baş tutub.

Bu barədə məlumat beynəlxalq xəbər agentliyi Reuters tərəfindən yayılıb. Bildirilib ki, argentinalı mütəxəssis oyunun gedişində 25 yaşlı braziliyalı futbolçuya toxunacaq ifadələr işlədib və “Real Madrid” prezidenti Florentino Peresin Vinisiusu komandadan göndərə biləcəyi ilə bağlı eyham vurub.

Məlumata görə, Vinisius Juniorun “Real Madrid”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Futbolçu yarımfinalda “Atletiko Madrid”ə qarşı 2:1 hesablı qələbədə komandasına kömək edib. Lakin finalda “Real Madrid” “Barselona”ya 2:3 hesabı ilə məğlub olub.

Hadisədən sonra açıqlama verən Dieqo Simeone bildirib: “Cənab Florentino və Vinisiusdan şahidi olduqları hadisəyə görə üzr istəmək istəyirəm. Özümü o vəziyyətə salmağım düzgün deyildi və bunun səhv olduğunu qəbul edirəm. Qalib gələn komanda mərhələ adlamağa layiq idi".

Qeyd olunub ki, Simeone oyunun 81-ci dəqiqəsində əvəzlənən Vinisius Cuniorla meydança kənarında söz mübadiləsi də aparıb. Mətbuat nümayəndələrinin davranışının həddi aşıb-aşmadığı ilə bağlı sualına isə məşqçi belə cavab verib: “Üzr istəyirəm, lakin bağışlanma istəmirəm. Əlavə deyəcəyim bir söz yoxdur".

Hadisə futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.


Mənbə: Reuters

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et