Bu gün:

İran: "ABŞ hücum edərsə, həm İsrail, həm də ABŞ bazaları qanuni hədəf olacaq"


İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, ABŞ İrana qarşı hərbi hücuma keçərsə, həm İsrailin, həm də ABŞ-nin hərbi bazaları qanuni hədəf hesab olunacaq.

İran dövlət televiziyasının məlumatına görə, Qalibaf parlament üzvlərinə müraciət edərək ölkədəki son hadisələr və davam edən küçə etirazları ilə bağlı açıqlama verib.

O qeyd edib: “Əgər ABŞ hərbi hücum edərsə, həm İsrailin, həm də ABŞ-nin hərbi və dəniz obyektləri bizim üçün qanuni hədəf olacaq”.

ABŞ və İsrailin rejim əleyhinə etirazçıları dəstəklədiyini iddia edən Qalibaf deyib ki, düşmən qüvvələr 12 günlük müharibə zamanı daxildə terrorçu qrupları fəallaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər. Onun sözlərinə görə, hazırda bu cəhdlər yenidən həyata keçirilir və İran terrorçularla mübarizə aparır.

Qalibafın çıxışı zamanı bəzi parlament üzvləri ABŞ əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, 9 yanvarda ABŞ Prezidenti Donald Tramp İranda davam edən etirazları yaxından izlədiklərini bildirib və İran rəhbərliyinə xəbərdarlıq edərək atəş açılacağı təqdirdə ABŞ-nin da cavab verəcəyini deyib.

İranda etirazlar

İranda etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında milli valyutanın kəskin dəyər itirməsi və iqtisadi problemlər səbəbindən başlayıb və ölkənin bir çox şəhərinə yayılıb.

Rəsmi qurumlar itkilərlə bağlı açıqlama verməsə də, İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) 10 yanvar tarixində 37 təhlükəsizlik əməkdaşı və 4 səhiyyə işçisi də daxil olmaqla 116 nəfərin həyatını itirdiyini, 2600-dən çox insanın yaralandığını və 2638 nəfərin saxlanıldığını bildirib.

8 yanvarda Tehranda baş verən qarşıdurmalar zamanı avtobuslar, təcili yardım maşınları, yaşayış evləri, məscidlər, xəstəxanalar və bankların yandırıldığı, vandalizm halları qeydə alındığı açıqlanıb.

Tehran hökuməti internetə çıxışı məhdudlaşdırsa da, ölkə daxilində və Avropadakı bəzi İran səfirlikləri qarşısında rejim əleyhinə aksiyalar davam edir.

https://share.google/vVNPZZumcDSAkwp7M

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et