Bu gün:

Şey Given Holokostla bağlı ifadəsinə görə üzr istəyib


İngiltərə Premyer Liqasında çıxış etmiş sabiq qapıçı Şey Given BBC-nin “Final Score” verilişində səsləndirdiyi açıqlamaya görə ictimaiyyətdən üzr istəyib. O, “Seltik” klubunun sabiq baş məşqçisi Volfred Nansinin qısa müddətli fəaliyyətini uyğun olmayan ifadə ilə xarakterizə etdiyinə görə peşman olduğunu bildirib.

Bu barədə məlumat BBC Sport-un rəsmi saytında dərc olunub. Bildirilib ki, 49 yaşlı Given “Seltik”in Nansini cəmi 33 gündən və səkkiz oyundan sonra istefaya göndərməsi ilə bağlı fikirlərini bölüşərkən yolverilməz ifadə işlədib.

Keçmiş İrlandiya milli komandasının üzvü sosial şəbəkə X-də (keçmiş Twitter) paylaşım edərək qeyd edib ki, istifadə etdiyi sözün mənasını tam dərk etməyib və gələcəkdə bu cür ifadələrdən heç vaxt istifadə etməyəcək. O, həmçinin bilik çatışmazlığının hər kəsdə ola biləcəyini vurğulayaraq bu hadisəni maariflənmək üçün fürsət kimi dəyərləndirdiyini bildirib.

Şey Given açıqlamasında incidilən hər kəsdən səmimi şəkildə üzr istədiyini və həmin günkü televiziya proqramından qazandığı qonorarını Holokost Təhsil Fonduna ianə edəcəyini də bəyan edib.

Verilişin aparıcısı Ceyson Məhəmməd də efir zamanı işlədilən “uyğunsuz ifadəyə” görə tamaşaçılardan üzr istəyib.

Fransalı mütəxəssis Volfred Nansi ötən həftə “Seltik”in “Reyncers”ə 1:3 hesablı məğlubiyyətindən sonra vəzifəsindən azad edilib. Onun 33 günlük baş məşqçi dönəmi klub tarixində ən qısa müddət kimi qeydə alınıb.

Xatırladaq ki, İkinci Dünya Müharibəsi zamanı nasist Almaniyası tərəfindən həyata keçirilən Holokost nəticəsində təxminən 6 milyon yəhudi həyatını itirib.

Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et