Bu gün:

Dyç: “Bu, kluba və gerbə hörmətsizlikdir”


İngiltərənin “Nottingem Forest” klubunun baş məşqçisi Şon Dyç komandanın FA Kubokunda “Rekshem”ə məğlubiyyətindən sonra futbolçuları kəskin tənqid edib. Mütəxəssis ilk hissədə nümayiş etdirilən oyunu qəbuledilməz adlandırıb.

Bu barədə Dyç oyundan sonra TNT Sports-a verdiyi açıqlamada danışıb. O bildirib ki, komanda ilk hissədə göstərdiyi performansla nə Premyer Liqa səviyyəsinə, nə də klubun adına layiq olub.

Qeyd edək ki, FA Kubokunun 3-cü mərhələsi çərçivəsində keçirilən qarşılaşmada “Nottingem Forest” aşağı liqa təmsilçisi “Rekshem”lə üz-üzə gəlib. Premyer Liqa klubu fasiləyə 0:2 hesabı ilə geridə yollanıb.

İkinci hissədə hesabı bərabərləşdirən “Forest” oyunu əlavə vaxta daşısa da, qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə İqor Jezus və Omari Hatçinsonun zərbələrini qapıçı Artur Okonkvo dəf edib və “Rekshem” 4:3 hesabı ilə qalib gəlib.

Oyundan sonra emosional açıqlama verən Dyç futbolçularına açıq mesaj göndərib:

“İlk hissə tamamilə qəbuledilməz idi. Bəzi oyunçular güzgüyə baxmalıdır. "Bu, təkcə mənim üçün yox, klubun gerbi üçün də qəbuledilməzdir”, – deyə baş məşqçi vurğulayıb.

Mütəxəssis əlavə edib ki, ikinci hissədə meydana çıxan bəzi futbolçular müsbət təsir bağışlayıb və komanda Premyer Liqa təmsilçisi kimi çıxış etməyə başlayıb. Bununla belə, belə zəif başlanğıcın yolverilməz olduğunu bildirib.

Bu nəticə “Nottingem Forest”in FA Kubokunda erkən mərhələdə mübarizəni dayandırması ilə yadda qalıb və klub Premyer Liqa təmsilçiləri arasında turnirdən ilk kənarlaşdırılan komandalardan biri olub.


Mənbə: BBC Sport

Tərcümə etdi: Fatimə Salmanlı

Paylaş
Şərh əlavə et