Bu gün:

Qrenlandiya geopolitik fırtınanın mərkəzində qalıb


Qrenlandiya ABŞ prezidenti Donald Trampın adının hallandığı beynəlxalq siyasi gərginliyin episentrinə düşüb. ABŞ dövlət katibi Marko Rubionun Danimarka rəsmiləri ilə keçirməsi gözlənilən görüş fonunda yarımmuxtar ərazidə narahatlıq artıb. Ada sakinləri Trampın “milli təhlükəsizlik” bəhanəsi ilə Qrenlandiyaya nəzarət etmək niyyətindən ciddi şəkildə təşvişə düşüb.

Paytaxt Nuukda gündəlik həyat sakit görünsə də, əhali arasında gərgin psixoloji vəziyyət hiss edilib. Bir çox sakin ABŞ-nin Qrenlandiyada möhkəmlənməsinə qəti qarşı çıxıb. Yerli əhali bildirir ki, Danimarkanın keçmiş müstəmləkə siyasətinin yaratdığı travmalar hələ sağalmayıb və onlar sadəcə rahat, müdaxiləsiz həyat istəyib.

Sorğulara əsasən, Qrenlandiya əhalisinin böyük əksəriyyəti ABŞ-yə birləşməyə qarşı olub. Eyni zamanda, insanların çoxu Danimarkadan tam müstəqilliyin tərəfdarı çıxıb, lakin Kopenhagendən alınan maliyyə subsidiyalarının sosial rifah üçün hələlik vacib olduğunu da etiraf edib. Zəngin təbii ehtiyatlara baxmayaraq, xüsusilə inuit icmalarında yoxsulluq problemi qalmaqda davam edib.

Qrenlandiya parlamentinin xarici siyasət komitəsinin həmsədri Pipaluk Lünge-Rasmussen böyük güclərin Qrenlandiya haqqında danışdığını, lakin Qrenlandiyalılarla məsləhətləşmədiyini deyib. O, mövcud vəziyyəti fürsət kimi qiymətləndirməyi və ABŞ ilə bərabərhüquqlu əməkdaşlıq qurmağın mümkün olduğunu bildirib.

Ekspertlər qeyd edir ki, ABŞ-nin Qrenlandiyaya artan marağı Arktik təhlükəsizlik, raketdən müdafiə sistemləri və strateji xammal ehtiyatları ilə bağlı olub. Bu maraq uzun illər qorunan Arktika balansını poza biləcək risklər yaradıb və kompromis əldə olunmasa, bölgədə gərginliyin artması istisna edilməyib.


Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et