Suriyanın Hələb şəhərində Dəməşqə bağlı hökumət qüvvələri ilə kürd silahlı dəstələri arasında gərginlik artıq dörd gündür davam edir.
Yanvarın 8-də toqquşmaların şiddətlənməsinin ardından ordu, kürdlərin üstünlük təşkil etdiyi Şeyx Maksud və Əşrəfiyyə məhəllələrinə daxil olub. Bundan sonra hökumət tərəfi birtərəfli və müddətli atəşkəs elan edib.
Kürd qüvvələrinin Hələbdən Suriyanın şimal-şərqinə çəkilməsi üçün 9 yanvar, saat 09:00-dək vaxt verildiyi bildirilib. İddialara görə, döyüşçülərin Rojava idarəçiliyinin nəzarətində olan ərazilərə köçürülməsi üçün avtobuslar da hazır vəziyyətə gətirilib.
ABŞ-nin Suriyadakı xüsusi nümayəndəsi Tom Barrack atəşkəsi müsbət qarşılayıb.
BBC Monitoring-in yerli mənbələrə istinadla yaydığı məlumata əsasən, Hələbdəki kürd məclisi hökumətin döyüşçülərin Əşrəfiyyə, Şeyx Maksud və Bəni Zeyd bölgələrindən geri çəkilməsi ilə bağlı təklifini rədd edib.
Mənbə: BBC
Tərcümə etdi: Ətirə İbayeva
