ABŞ rəsmilərinin bildirdiyinə görə, Karib dənizində Venesuela nefti ilə əlaqəli daha bir tanker ələ keçirilib. Bu addım Vaşinqtonun Venesueladan neft ixracına nəzarət səylərinin davamı kimi qiymətləndirilib.
ABŞ-nin Cənub Komandanlığı X sosial şəbəkəsində yaydığı açıqlamada dəniz piyadaları və dənizçilərin Daxili Təhlükəsizlik Departamenti ilə birgə “Olina” adlı neft tankerini saxladığını bildirib. Açıqlamada cinayətkarlar üçün “təhlükəsiz sığınacaq olmadığı” vurğulanıb.
Daxili təhlükəsizlik naziri Kristi Noem “Olina”nın sanksiyaya məruz qalmış neft daşıdığı güman edilən “kölgə donanması”na aid tanker olduğunu və Venesuelanı tərk edərək ABŞ qüvvələrindən yayınmağa çalışdığı zaman ələ keçirildiyini qeyd edib.
Nazirin paylaşdığı videoda hərbçilərin helikopterdən tankerə endiyi görüntülər yer alıb. “Olina” bir neçə ölkənin sanksiya siyahısında olub və bu, ABŞ-nin son həftələrdə ələ keçirdiyi beşinci gəmi sayılıb.
Dəniz riskləri üzrə "Vanguard Tech" şirkəti tankerinin ABŞ-nin Karibdəki dəniz blokadasını yarmağa çalışdığını bildirib. Şirkət əlavə edib ki, gəminin izləmə sistemi sonuncu dəfə 52 gün əvvəl, Kurasao yaxınlığında aktiv olub və ələ keçirmə sanksiyalı Venesuela nefti daşıyan tankerlərə qarşı uzunmüddətli təqibin nəticəsi kimi dəyərləndirilib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
