Tehran prokuroru Əli Salehi vətəndaşları küçələrə çıxmamağa çağırıb, paytaxtdakı bütün məktəblərin isə həftəsonunadək distant təhsilə keçdiyi açıqlanıb.

İran dövlət televiziyasının məlumatına görə, prokuror Əli Salehi Tehranda küçələrin xüsusilə təhlükəli olduğunu bildirib. O, “Düşmənin muzdluları nümayişlərdə iştirak edənləri öldürür. Çölə çıxmayın!”- deyə xəbərdarlıq edib.
Salehi qeyd edib ki, nümayişlərdə iştirak edən hər kəslə hüquqi müstəvidə mübarizə aparılacaq. Onun sözlərinə görə, kəsici və deşici alətlər kimi soyuq silah daşıyanlara odlu silah daşıyanlarla eyni münasibət göstəriləcək.
Prokuror əlavə edib: “Silahlı elementlərə heç bir şəkildə dözməyəcəyik. Onlar döyüş cinayətlərinə görə mühakimə olunacaqlar. Vətəndaşlarımızın təhlükəsizliyi qırmızı xəttimizdir. Terrorçulara qarşı mübarizəmiz çəkindirici olacaq”.
Salehi, həmçinin, ötən gecə Tehranda baş verən hadisələrin ciddi dağıntılara səbəb olduğunu bildirib.
Digər tərəfdən, Tehrandakı bütün məktəblərin həftəsonunadək distant təhsilə keçməsi barədə qərar qəbul edildiyi açıqlanıb.
İranda etirazlar
Xatırladaq ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında dükan sahiblərinin başlatdığı etirazlar qısa müddətdə ölkənin bir çox şəhərinə yayılıb.
Etirazlarda ölən və yaralananların sayı ilə bağlı rəsmi məlumat verilməsə də, ABŞ-də yerləşən “İran İnsan Haqları Fəalları Xəbər Agentliyi” (HRANA) 8 təhlükəsizlik əməkdaşı da daxil olmaqla 42 nəfərin həlak olduğunu, onlarla insanın yaralandığını və 2277 nəfərin saxlanıldığını bildirib.
Yarı-rəsmi Tasnim Xəbər Agentliyi isə 7 yanvar tarixli hesabatında etirazlar zamanı yaralanan polis əməkdaşlarının sayının 568-ə, könüllü təhlükəsizlik qüvvələri kimi tanınan Bəsic üzvlərinin sayının isə 66-ya çatdığını açıqlayıb. Ümumi itkilərin sayı barədə isə məlumat verilməyib.
https://share.google/zoIA44aoeG43yAfuS
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
