Bu gün:

Joze Mourinyo "Benfika" ilə bağlı qərarını açıqlayıb


"Benfika"nın baş məşqçisi Joze Mourinyo Portuqaliya Liqa Kubokunun yarımfinalında "Braqa"ya məğlubiyyətdən sonra komandası üçün gözlənilməz qərar verib. Portuqaliyalı mütəxəssis oyunçuların evə getməsinə icazə verməyərək, onları klubun təlim-məşq bazasında qalmağa məcbur edib.

Bu barədə məlumat "BBC Sport"un yaydığı xəbərdə yer alıb. Bildirilib ki, çərşənbə günü baş tutan qarşılaşmada "Benfika" rəqibinə 3-1 hesabı ilə məğlub olub. Matçın gedişində "Mançester Siti"nin keçmiş müdafiəçisi Nikolas Otamendinin qırmızı vərəqə alaraq meydandan qovulması komandanın işini daha da çətinləşdirib.

Günün əsas hadisəsi isə Mourinyonun mətbuat konfransındakı çıxışı olub. O, futbolçuların qeyri-müəyyən müddətə Seixal şəhərində yerləşən təlim bazasında qalacaqlarını bildirib. "Oyunçular Seixalda yatacaqlar, cümə axşamı və növbəti gün isə məşqlərimiz olacaq", - deyə baş məşqçi qeyd edib.

Tədbir zamanı Mourinyo, həmçinin futbolçularından ciddi konsentrasiya tələb etdiyini vurğulayıb. O, "Ümid edirəm ki, oyunçular da mənim kimi yatmayacaq və bunun əvəzinə çox düşünəcəklər" deyərək, komandanın növbəti həftə "Portu" ilə keçiriləcək vacib oyuna qədər ciddi hazırlaşmalı olduğunu xatırladıb.

Qeyd edək ki, sentyabr ayında 2027-ci ilə qədər müqavilə imzalayan təcrübəli mütəxəssis, məşqçilik karyerasına da məhz 2000-ci ildə "Benfika"da başlayıb. Lakin o dövrdə klub prezidenti ilə yaranan münaqişə səbəbindən cəmi 10 oyundan sonra postunu tərk edib.


Mənbə: BBC.com

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et