Bu gün:

Suriya İnformasiya Naziri: "Dialoq üçün yeganə şərt “bir dövlət və bir ordudur"


Suriya İnformasiya Naziri Həmzə Mustafa Suriya Demokratik Qüvvələrini (SDF) Hələbdə mülki obyektləri hədəf almaqda və mövcud razılaşmaları pozmaqda ittiham edib. Nazir Hələbin təhlükəsizliyinin təmin edilməsi üçün əməliyyatların davam etdiriləcəyini bildirib.

Əl-Cəzirə televiziyasına müsahibə verən Mustafa qeyd edib ki, Hələbin Əşrəfiyyə və Şeyx Məqsud məhəllələrində aparılan əməliyyatlar təhlükəsizlik qüvvələrinə atəş açılmasından sonra başlayıb. Onun sözlərinə görə, bu ərazilərin statusu aprel ayında əldə edilən razılaşma ilə müəyyənləşdirilib.

Nazir deyib ki, Hələb şəhəri artıq sakinlərin gündəlik həyatına yönəlmiş təhlükələrə dözə bilməz və sözügedən bölgələr ciddi şəkildə icra edilməli olan razılaşmalara tabedir.

Həmzə Mustafa SDF-nin 10 mart tarixində əldə olunan razılaşmanın şərtlərini yerinə yetirmədiyini iddia edərək, təşkilatın mülki obyektləri atəşə tutduğunu bildirib. Nazir əlavə edib ki, SDF gecikdirmə taktikasına və yerinə yetirilməyən vədlərə son qoymalı, razılaşmanı dərhal icra etməlidir.

Nazir vurğulayıb ki, Suriya hökuməti siyasi həll yolunu tamamilə bağlamayıb. O bildirib ki, dialoq üçün yeganə əsas şərt “bir dövlət və bir ordu” prinsipi altında birlikdir və bu çərçivədə SDF ilə dialoqa açıqdır.

https://share.google/ZqIGvhVl4VJruXbxC

Mənbə: TRT Haber 

Tərcümə etdi: Piranə Xasiyeva 

Paylaş
Şərh əlavə et