ABŞ-nin Milli Futbol Liqasında (NFL) çıxış edən "Baltimor Reyvens" klubu 18 ildir komandaya rəhbərlik edən baş məşqçi Con Harbo ilə yollarını ayırıb. 63 yaşlı mütəxəssisin vəzifəsindən uzaqlaşdırılmasına səbəb komandanın bu mövsüm "play-off" mərhələsinə vəsiqə qazana bilməməsidir.

BBC-nin yaydığı məlumata görə, "Reyvens" mövsümün həlledici oyununda əzəli rəqibi "Pitsburq Stilers"ə 24-26 hesabı ilə məğlub olaraq "play-off" şansını itirib. Bu nəticədən sonra Harbo, NFL-də cari mövsümün sonundan bəri qovulan beşinci baş məşqçi olub.
Con Harbo 2008-ci ildən bəri komandanın sükanı arxasında idi və liqada ən uzun müddət vəzifədə qalan ikinci məşqçi statusunu daşıyıb. O, 2013-cü ildə "Reyvens"i "Super Boul" (Super Bowl) çempionluğuna daşımış və rəhbərlik etdiyi 18 mövsümün 12-də komandanı "play-off"ayüksəltməyi bacarıb. Lakin 2018-ci ildən bəri heyətdə ikiqat "Ən Dəyərli Oyunçu" (MVP) Lamar Ceksonun olmasına baxmayaraq, komanda son 13 ildə cəmi bir dəfə AFC çempionatı oyununa çıxa bilib.
Ayrılıqla bağlı rəsmi açıqlama verən Harbo, bu qərarın onda məyusluq yaratdığını, lakin kluba qarşı minnətdarlıq hissi duyduğunu bildirib: "Buradakı son günümdə fərqli bir mesaj verməyi ümid edirdim, lakin o gün bu gündür. Bu qərar məndə təbii ki, məyusluq yaratsa da, daha çox minnətdarlıq və təşəkkür hissi ilə ayrılıram".
Qeyd edək ki, Harbonun gedişindən sonra NFL-də ən uzun müddət vəzifədə qalan məşqçi ünvanı 2007-ci ildən "Pitsburq"u çalışdıran Mayk Tomlinə məxsusdur.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
