İngiltərənin “Çelsi” futbol klubu Fransa təmsilçisi “Strasburq”un baş məşqçisi Liam Rozenioru komandanın yeni baş məşqçisi təyin edib. 41 yaşlı ingilis mütəxəssis klubla beş il yarımlıq müqavilə imzalayıb. Razılaşmaya əlavə olaraq daha bir mövsüm uzatma seçimi də daxildir.

Bu barədə məlumat klubun rəsmi açıqlamasında və İngiltərə mətbuatında yer alıb. Bildirilib ki, Rozenior Yeni il günündə vəzifəsindən ayrılan Enzo Mareskanın yerini tutub.
Qeyd olunub ki, yeni baş məşqçi Premyer Liqanın növbəti turu çərçivəsində “Çelsi”nin “Fulhem”lə səfər oyununu tribunadan izləyəcək. O, ilk məşqinə cümə axşamı günü çıxacaq və şənbə günü İngiltərə Kubokunun üçüncü raundu çərçivəsində “Çarlton Atletik”lə keçiriləcək oyuna komandanı hazırlayacaq.
Təyinatla bağlı fikirlərini bölüşən Liam Rozenior “Çelsi”yə baş məşqçi təyin olunmağın onun üçün böyük qürur olduğunu bildirib: “Bu vəzifəyə layiq görülmək mənim üçün hər şey deməkdir. Mənə göstərilən etimada görə hər kəsə təşəkkür edirəm. Klubun layiq olduğu uğurları qazanmaq üçün bütün gücümlə çalışacağam”, – deyə o vurğulayıb.
“Çelsi”nin müvəqqəti baş məşqçisi Kalum Makfarlan isə Rozeniorla qısa söhbət etdiyini bildirib. Onun sözlərinə görə, yeni baş məşqçiyə məsləhət verməyə ehtiyac yoxdur: “O, artıq kifayət qədər təcrübəli və uğurlu məşqçidir. Mən sadəcə onu dəstəkləyəcəyəm”, – deyə Makfarlan qeyd edib.
Xatırladaq ki, Liam Rozenior bundan əvvəl İngiltərə Çempionşipində “Derbi Kaunti” və “Hall Siti” klublarını çalışdırıb.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
