Bu gün:

ABŞ-də 6 yanvar hadisələrinin 5-ci ildönümü qeyd olunur


ABŞ-də Konqres binasında baş vermiş 6 Yanvar hadisələrinin 5-ci ildönümü qeyd olunur. Hadisə ölkənin siyasi tarixində ən ciddi böhranlardan biri kimi dəyərləndirilir və bu gün də cəmiyyətdə ciddi müzakirələrə səbəb olur.

Xatırladaq ki, 2021-ci ilin 6 yanvarında minlərlə insan Vaşinqtonda yerləşən ABŞ Konqresinə daxil olaraq prezident seçkilərinin nəticələrinin təsdiqlənməsinə mane olmağa çalışıb. Hadisə nəticəsində bir neçə nəfər həyatını itirib, onlarla insan yaralanıb.

İldönümü münasibətilə ABŞ Konqresində anım tədbirləri keçirilir, təhlükəsizlik tədbirləri isə gücləndirilib. Demokratlar hadisəni demokratiyaya qarşı ciddi təhdid kimi qiymətləndirərək onun unudulmamalı olduğunu bildirirlər. Respublikaçı düşərgədə isə məsələyə münasibət fərqli yanaşmalarla müşahidə olunur.

ABŞ mediasının yazdığına görə, bu hadisə ölkədə siyasi qütbləşməni daha da dərinləşdirib və seçki proseslərinə etimadı sarsıdan əsas amillərdən biri olub. Hüquq-mühafizə orqanları indiyədək yüzlərlə şəxsi məsuliyyətə cəlb edib, bir çox iştirakçıya isə müxtəlif müddətli həbs cəzaları verilib.

Siyasi ekspertlər hesab edirlər ki, 6 Yanvar hadisələri ABŞ-də demokratiyanın qorunması, seçki təhlükəsizliyi və hüquqi islahatlar mövzusunda uzunmüddətli təsir yaradıb.

Mənbə: AP NEWS

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et