İngiltərə futbolunun əfsanəvi simalarından olan Ueyn Runi, hazırda Fransanın "Strasburq" klubunu çalışdıran Liam Rozenyorun "Çelsi"nin yeni baş məşqçisi postuna ən güclü namizəd olması barədə fikirlərini bölüşüb. Runi keçmiş köməkçisinin London klubunu idarə etmək üçün bütün keyfiyyətlərə sahib olduğunu bildirib.

Bu barədə məlumat BBC-də yayımlanan "Wayne Rooney Show" proqramında yer alıb. Bildirilib ki, 41 yaşlı mütəxəssis artıq Londonun "Çelsi" klubu ilə danışıqlar aparmaq üçün paytaxta gəlib. Enzo Mareskanı əvəzləməyə yaxın olan Rozenyorla klub arasındakı müzakirələrin artıq həlledici mərhələdə olduğu qeyd edilib.
Günün əsas diqqətçəkən məqamı isə Runinin öz həmkarı haqqında verdiyi yüksək qiymətdir. Runi bildirib ki, Rozenyor onun indiyə qədər birlikdə çalışdığı ən yaxşı məşqçilərdən biridir. O, 2021-2022-ci illərdə "Derbi Kaunti"dəki birgə fəaliyyətlərini xatırladaraq, Liamın həm məşqçilik qabiliyyəti, həm də detallara verdiyi önəmlə fərqləndiyini vurğulayıb.
Tədbir zamanı Runi, Rozenyorun "Hall Siti"dəki uğurlu fəaliyyətinə və onun oyun fəlsəfəsinə də toxunub. "Liam mənim üçün çox vacib şəxs idi. Mən daha çox oyunçularla ünsiyyətə və idarəetməyə fokuslanırdım, o isə məşqçilik məsələlərində inanılmaz idi. Ondan çox şey öyrənmişəm", - deyə Runi əlavə edib.
Danışıqların nəticəsi və rəsmi təyinatla bağlı son qərarın yaxın günlərdə "Çelsi" klubu tərəfindən ictimaiyyətlə paylaşılacağı gözlənilir.
Mənbə: BBC Sport
Tərcümə etdi: Fatimə Salmanlı
