ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelaya hərbi müdaxiləsinə və Venesuela Prezidenti Nikolas Maduronun həbsinə qarşı Vaşinqtonda, Ağ Evin qarşısında etiraz aksiyası keçirilib.
Etirazçılar ABŞ-nin Venesuelaya qarşı hərbi addımlarını pisləmək üçün Ağ Evin qarşısında toplaşıblar. Aksiya zamanı “Neft üçün qan tökülməsin”, “Bu müharibə qanunsuzdur”, “ABŞ Latın Amerikasından əl çəksin” və “Konqres Trampın müharibəsini dayandırsın” yazılı plakatlar qaldırılıb.
Hadisənin detalları
Dünən yerli vaxtla gecə saat 02:00 radələrində Venesuelanın paytaxtı Karakasda partlayış səsləri və hərbi təyyarələrin uçuşu eşidilib. Bundan sonra Venesuela hökuməti ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücum etməkdə ittiham edib.
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını və Maduronun həyat yoldaşı ilə birlikdə ölkədən çıxarıldığını açıqlayıb.
ABŞ-nin Baş prokuroru Pam Bondi isə Maduronun və həyat yoldaşı Cilia Floresin ABŞ-də “narkotik terrorizmi, kokain qaçaqmalçılığı və ABŞ-yə qarşı silahlı fəaliyyətlər” daxil olmaqla bir sıra ittihamlarla üzləşdiyini bildirib.
Venesuela hökuməti beynəlxalq ictimaiyyəti ABŞ-nin hücumlarını pisləməyə çağırıb. Bəzi ölkələr müdaxiləni tənqid edərkən, digərləri ABŞ-nin mövqeyini dəstəklədiklərini açıqlayıblar.
https://share.google/zOLCtTHfxA8Jto8bT
Mənbə: TRT Haber
Tərcümə etdi: Piranə Xasiyeva
