Bu gün:

Çindən ABŞ-yə Maduro çağırışı: “Dərhal azad edilsin”


Çin ABŞ tərəfindən həyata keçirilən hərbi əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşının saxlanılmasına kəskin etiraz edərək, onların dərhal azad olunmasına çağırıb.


Çin tərəfinin açıqlamasında ABŞ-nin bu addımının beynəlxalq hüququn, beynəlxalq münasibətlərin əsas normalarının, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinin açıq şəkildə pozulması olduğu vurğulanıb. Açıqlamada deyilir: “ABŞ-ni Venesuela Prezidenti Nikolas Maduronun və onun həyat yoldaşının şəxsi təhlükəsizliyini təmin etməyə, onları dərhal azad etməyə, Venesuela hökumətini devirməyə yönəlmiş cəhdlərə son qoymağa və mövcud problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırırıq”.

Dünən Venesuelanın paytaxtı Karakasda yerli vaxtla saat 02:00 radələrində partlayış və təyyarə səsləri eşidilib. Partlayışlardan sonra Venesuela hakimiyyəti ABŞ-ni ölkənin müxtəlif bölgələrində mülki və hərbi obyektlərə hücumlar təşkil etməkdə ittiham edib.

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduraya qarşı genişmiqyaslı hücum həyata keçirildiyini, Maduro və həyat yoldaşının ölkədən çıxarıldığını açıqlayıb.

ABŞ-nin Baş prokuroru Pam Bondi isə Nikolas Maduro və həyat yoldaşı Siliya Flores barəsində ABŞ-də cinayət işi qaldırıldığını bildirərək, Maduronun “narkotik terrorizmi, kokain qaçaqmalçılığı, ABŞ-yə qarşı avtomatik silahlar və dağıdıcı qurğulara sahib olma” ittihamları ilə üzləşdiyini qeyd edib.

Venesuela hakimiyyəti ABŞ-nin hərəkətlərinin pislənməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edib. Bəzi ölkələr hücumları tənqid edərkən, digərləri açıqlamaları ilə ABŞ-yə dəstək verib.

Mənbə: CNN Türk

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et