Bu gün:

İtaliyada voleybol oyununda "Konyelyano" və "Novara" qarşılaşacaq


İtaliya qadın voleybol çempionatının (Lega Femminile Serie A1) müntəzəm mövsümündə ikinci dövrənin beşinci mərhələsinin mərkəzi qarşılaşması baş tutacaq. Bazar günü keçiriləcək həftənin son matçında turnir cədvəlinin iddialı komandaları – "Prosekko Dok Imoko Konyelyano" və "İqor Qorqonzola Novara" klubları qarşılaşacaqlar.

Bu barədə məlumat İtaliya Voleybol Liqasının rəsmi resurslarında yer alıb. Bildirilib ki, hazırda turnir cədvəlində birinci və üçüncü pillələrdə qərarlaşan komandaların görüşü Villorba şəhərindəki "Palaverde" idman arenasında təşkil olunacaq. Qarşılaşmanın yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 21:00) başlaması planlaşdırılır.

Hər iki kollektiv həftə içi İtaliya Kubokunun (Coppa Italia Frecciarossa) dörddəbir final mərhələsində qələbə qazanaraq yarımfinala vəsiqəni təmin ediblər. Çempionatın lideri olan "Panterlər" (Konyelyano) cari mövsümdə keçirdiyi 17 oyundan 16-da qələbə qazanaraq 46 xal toplayıb. "Novara" isə Milan klubu üzərində qazandığı böyük qələbə sayəsində yarımfinala yüksəlib.

Oyun öncəsi fikirlərini bölüşən "Konyelyano"nun baş məşqçisi Daniele Santarelli rəqibin güclü heyətə malik olduğunu vurğulayıb: "Onlar geniş oyunçu seçimi olan çox güclü komandadır. Diqqətimizi qorumalı və çətin anlara hazır olmalıyıq. 2026-cı ilə müsbət nəticə ilə başlamaq bizim üçün çox vacibdir".

Qeyd edək ki, bu iki komanda ayın sonunda İtaliya Kubokunun Turində keçiriləcək yarımfinal mərhələsində yenidən qarşı-qarşıya gələcəklər.


Mənbə: Volleyballworld.com

Tərcümə etdi: Fatimə Salmanlı 

Paylaş
Şərh əlavə et