ABŞ Ədliyyə Nazirliyi tərəfindən möhürü açılan ittiham aktında Venesuela prezidenti Nikolas Maduronun və həyat yoldaşı Silia Floresin ABŞ-yə minlərlə ton kokain axını ilə əlaqəli geniş narkotik şəbəkəsinə rəhbərlik etdikləri iddia edilib.

Möhürü açılmış ABŞ Ədliyyə Nazirliyinin ittiham aktında Venesuela prezidenti Nikolas Maduronun ABŞ-ni minlərlə ton kokainlə dolduran narkotik qaçaqmalçılığı əməliyyatı ilə maliyyələşən “korrupsiyalaşmış və qeyri-legitim hökumət” idarə etdiyi irəli sürülüb.
Şənbə günü Venesuelada həyata keçirilmiş gözlənilməz hərbi əməliyyat nəticəsində Maduronun və həyat yoldaşının ələ keçirilməsi ABŞ prokurorları üçün ciddi sınaq mərhələsi yaradıb. Prokurorlar uzun illərdir neftlə zəngin Cənubi Amerika ölkəsinə rəhbərlik etmiş liderə qarşı Manhettendəki məhkəmədə hökm çıxarılmasına nail olmağa çalışıblar.
ABŞ-nin baş prokuroru Pem Bondi "X" sosial şəbəkəsində paylaşım edərək Maduronun və həyat yoldaşının “tezliklə Amerika məhkəmələrində, Amerika torpağında Amerika ədalətinin bütün sərtliyi ilə üzləşəcəyini” bildirib.
Maduroya qarşı irəli sürülən ittihamlarla tanışlıq zamanı məlum olub ki, o, həyat yoldaşı, oğlu və daha üç nəfərlə birlikdə təqsirləndirilib. Maduro barəsində dörd maddə üzrə ittiham irəli sürülüb: narkoterrorizm məqsədilə sui-qəsd qurmaqda, kokainin idxalı üçün sui-qəsddə, pulemyotlar və dağıdıcı qurğular saxlamaqda, eləcə də pulemyotlar və dağıdıcı qurğuların saxlanması üçün sui-qəsddə iştirak etməkdə günahlandırılıb.
Maduro 2020-ci ildə, Donald Trampın ilk prezidentliyi dövründə Manhettendə federal məhkəmədə irəli sürülmüş əvvəlki ittihamlarla eyni maddələr üzrə məsuliyyətə cəlb edilib. Şənbə günü möhürü açılan yeni ittiham aktı Maduronun həyat yoldaşı Silia Floresə qarşı yeni ittihamlar əlavə edərək Miladdan az əvvəl Nyu-Yorkun Cənub Dairəsi üzrə məhkəməsində gizli şəkildə təqdim edilib.
Maduronun və həyat yoldaşının Manhettendə məhkəmə qarşısına ilk dəfə nə vaxt çıxarılacağı hələlik məlum olmayıb. Şənbə gecəsi Ağ Evin sosial şəbəkə hesabında yayımlanan videoda Maduronun gülümsəyərək ABŞ Narkotiklərlə Mübarizə Agentliyinin Nyu-Yorkdakı ofisindən iki federal agentin müşayiəti ilə aparıldığı göstərilib. Onun məhkəməni gözləyən müddətdə Bruklində yerləşən federal həbsxanada saxlanılacağı bildirilib.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
