Tennis üzrə yeddiqat “Böyük Dəbilqə” turnirinin qalibi olan amerikalı Venera Uilyams Avstraliya Açıq Turnirində iştirak etmək üçün xüsusi dəvət – “wild card” əldə edib. Turnir yanvarın 18-də Avstraliyanın Melburn şəhərində başlayacaq.

Bu barədə məlumat turnirin rəsmi açıqlamasında yer alıb. Bildirilib ki, 45 yaşlı tennisçi Melburn Park kortlarına ilk dəfə çıxış etdiyi tarixdən 28 il sonra yenidən Avstraliya Açıq turnirində mübarizə aparacaq. Venera Uilyams 1998-ci ildə turnirdə debüt edib və həmin il ikinci mərhələdə bacısı Serena Uilyamsa qalib gəlib. O, daha sonra 1/4 final mərhələsində amerikalı Lindsi Davenporta məğlub olub.
Qeyd edilib ki, Venera Uilyams ötən ilin noyabr ayında Yeni Zelandiyanın Oklend şəhərində keçiriləcək turnirdə iştirak edəcəyini açıqlayıb və həmin yarış üçün də “wild card” alıb.
Eyni zamanda Avstraliya Açıq Turnirinin təşkilatçıları tennisçinin Melburndan əvvəl Avstraliyanın Hobart şəhərində keçiriləcək daha bir turnirdə də iştirak etmək üçün qeydiyyata alındığını bildiriblər. Sözügedən yarış Avstraliya Açıq turnirindən bir həftə əvvəl keçiriləcək.
Venera Uilyamsın Avstraliya Açıq turnirində iştirakı tennis tarixində nadir hadisə kimi qiymətləndirilir və idman ictimaiyyətində böyük maraq doğurub.
Mənbə: CNN Sports
Tərcümə etdi: Fatimə Salmanlı
